İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

2 MART 2023

İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2022-ci ilin yekunlarına dair illik hesabatını ictimaiyyətə təqdim edib.

Hesabatda İSİM-in fəaliyyəti, təşkil olunan tədbir və təlimlər, aparılan sorğu və tədqiqatlar, istifadəyə verilən innovativ vasitələr, bir sözlə Mərkəz tərəfindən ötən il görülən işlər barədə məlumatlar öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, ötən il Azərbaycanda ilk dəfə İSİM tərəfindən Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSİ) tədqiqatı aparılıb. Əsas məqsədi məktəbyaşlı uşaqlar arasında artıq çəki və az çəki ilə bağlı tendensiyaları araşdırmaqdan ibarət olan tədqiqat ÜST-nin metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə keçirilib. Qeyd edək ki, tədqiqatın 2021-2023-cü illərdə keçirilməsi nəzərdə tutulan VI raundunda Azərbaycan da daxil olmaqla 40-a yaxın ölkə iştirak edir.

2022-ci ildə İSİM tərəfindən müxtəlif istiqamətlər üzrə sorğular aparılıb, xəstəliklərin müalicəsi və profilaktikası üzrə 54 klinik protokol son elmi tədqiqatlara əsasən yenilənərək www.isim.az saytına yerləşdirilib (https://www.isim.az/az/reports/5) , Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən  təsdiq edilən və ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin, yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulan “Meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi” üzrə yeni klinik protokol hazırlanıb (https://www.isim.az/upload/File/reports/Meymunciceyi_protokol_A5_site.pdf ).

Ölkəmizdə 2021-ci ilin aprel ayından etibarən 1500 tibb işçisinin iştirakı ilə COVID-19 xəstəliyinə qarşı vaksinlərin effektivliyinin öyrənilməsinə başlanıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və ÜST-nin dəstəyi ilə İSİM tərəfindən həyata keçirilən, bir neçə Avropa ölkəsi ilə eyni vaxtda aparılan bu genişmiqyaslı tədqiqatın ötən il növbəti mərhələsinə start verilib. Bu mərhələdə aparılan tədqiqat sayəsində, infeksiyanı təbii keçirmiş və 2, 3 və 4 doza vaksinasiyadan sonra immunitetin nə qədər qalıcı və güçlü olduğunu müəyyən etmək imkanı yaranıb, eləcə də qrip virusunun yayılması və başvermə tezliyi də tədqiqat çərçivəsində öyrənilib.

2022-ci ildə İSİM-də həmçinin, tibb işçiləri üçün hazırlanan və tibb sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində mühüm addımlardan biri olan “MD Simulyasiya– müxtəlif ssenarili müayinə və müalicə simulyatoru” platformasının (https://mdsimulyasiya.az/) təqdimatı keçirilib, ilk tibbi yardım və fövqəladə hallarda yardım üzrə bilik və bacarıqların, xilasetmə məsləhətlərinin hər zaman, hər yerdə əlçatanlığının təmin edilməsi məqsədilə “İlk yardım” mobil tətbiqi (https://www.isim.az/az/pages/46-Mobil-elaveler ) istifadəyə verilib.

Hesabat ilində İSİM tərəfindən 150-dən çox tədbir, təlim, aksiya, konfrans keçirilib, Bakı şəhəri üzrə 42, eyni zamanda 5 rayon üzrə 25 kənddə COVID-19 məntəqələri monitorinq edilib, www.isim.az rəsmi internet səhifəsində 94 xəbər paylaşılıb, İSİM-in ictimai səhiyyə mütəxəssislərinin televiziya kanalları, saytlar və radiolara 100-dən çox müsahibəsi təşkil edilib, 55 maarifləndirici çap materialı hazırlanaraq çap olunub, əhalinin tibbi maarifləndirilməsi məqsədi ilə İSİM-in Facebook səhifəsində “Zoom” platforması üzərindən 6 canlı yayım təşkil edilib, sağlam həyat tərzinin təbliği, erkən nikahın fəsadları, yeniyetmələrdə reproduktiv sağlamlıq, mobil telefon, kompüter asılılığı və s. mövzularla bağlı 15 maarifləndirici qısa video-çarx hazırlanaraq sosial səhifələrə yerləşdirilib.

Sağlamlığın qorunması və sağlam həyat tərzinin təbliği məqsədilə İSİM sosial şəbəkələrdəki fəaliyyətinin tənzimlənməsi və effektivliyinin artırılması üçün yeni sosial platformalarda (Twitter, Linkedin, Telegram, Tiktok) fəaliyyətə başlayıb və maarifləndirici posterlər, video-çarxlar həmin sosial şəbəkələrdə mütəmadi olaraq yerləşdirilib.

Hesabatın tam mətni ilə www.isim.az saytında resurslar bölümündə tanış olmaq mümkündür:

https://www.isim.az/upload/File/docs/hesabat2022.pdf