İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

7 FEVRAL 2023

İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 7 fevral 2023-cü ildə “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans keçirildi. Konfrans ilk növbədə Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinin yad edilməsi ilə başladı. Konfransı giriş sözü ilə açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirdi ki, hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən dünyada milyonlarla pasiyent zərər görür və məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələri və dünyadakı tərəfdaşlarını bu sahədə təxirəsalınmaz tədbirlər görməyə çağırır: “Pasiyentlərin təhlükəsizliyi və onlara keyfiyyətli tibbi yardım göstərilməsi – səhiyyə xidmətləri sistemində səmərəliliyi artırmağın ən mühüm şərtidir. Səhiyyə Nazirliyi və İSİM tərəfindən klinik protokollar hazırlanıb,  hazırda 70 faiz tibb müəssisələrində müasir tibbi məlumatlara əsaslanan həkim və digər səhiyyə işçiləri üçün səmərəli vəsait olmaqla yanaşı, həm də tibbi xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan bu vəsaitlərdən istifadə olunur. Eyni zamanda, İSİM tərəfindən pasiyent təhlükəsizliyi məsələləri nəzərə alınmaqla tibb müəssisələri üçün akkreditasiya standartları hazırlanıb ki, bu da pasiyentlərin təhlükəsizliyi üzrə mədəniyyətin formalaşdırılması, tibb işçilərinin səhvlərinin sayının azaldılması istiqamətində peşəkarlığının artırılmasında mühüm rol oynayır”. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov “Pasiyent təhlükəsizliyi üzrə qlobal fəaliyyət planı” mövzusunda çıxış edərək bildirdi ki, 2019-cu ilin may ayında Dünya Səhiyyə Assambleyasının (DSA) 72-ci sessiyasında Dünya Pasiyent Təhlükəsizliyi Günü təsis edilib: “Bundan əlavə, üzv dövlətlər və özəl sektorlar da daxil olmaqla bütün müvafiq tərəfdaşlarla məsləhətləşmələr əsasında 2021-2030-cu illəri əhatə edən və 7 əsas strateji hədəfi özündə birləşdirən “Pasiyent təhlükəsizliyi üzrə Qlobal Fəaliyyət Planı” tərtib edilmiş və DSA-nın 2021-ci ildə keçirilmiş 74-cü iclasında qəbul olunub”. Səhiyyə Nazirliyi Analitika və Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov çıxış edərək bildirdi ki, ölkəmizdə pasiyent təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş dərman vasitələri idxaldan öncə mərkəz tərəfindən yoxlanılır: “İlk olaraq dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirləri və fayda-risk nisbətləri sistemli bir şəkildə izlənilir. Bunun üçün lazımi məlumat toplanılır, qeydiyyata alınır, qiymətləndirilir, arxivləşdirilir. Daha sonra dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlər görülür”. İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova “Antibiotiklərə rezistentlik: qlobal çağırışlar və milli tədqiqatın nəticələri” mövzusunda təqdimatla çıxış edərək qeyd etdi ki, ölkəmizdə antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin edilməsinə nail olmaq məqsədilə İSİM ÜST-ün dəstəyi ilə əhali arasında geniş maarifləndirmə və təbliğat işlərini həyata keçirir: “Antibiotiklərlə bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə 2018-2022-ci illərdə sorğu keçirilib. Sorğuda insanların mövzuya dair bilik səviyyəsi müəyyən edilib və eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatlar əhalinin nəzərinə çatdırılıb”. İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Billura Yusifova “Cərrahi müdaxilələrdə pasiyent təhlükəsizliyinin prioritet istiqamətləri”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva “Qan komponentlərinin transfuziyalarında pasiyent təhlükəsizliyi”, TƏBİB-in Tibbi Xidmətinin İnkişafı Departamentinin Keyfiyyətin idarə olunması şöbəsinin aparıcı məsləhətçisi Vəfa Qocayeva “Tibb müəssisələrində pasiyent xidmətlərində keyfiyyətə nəzarət” mövzusunda çıxış edərək, iştirakçıları bu istiqamətdə ətraflı məlumatlandırdılar. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, dosent, tibb üzrə fəlsəfə doktoru Aynura Əmirova “Ana sağlamlığının mühafizəsi və ana ölümlərinin profilaktikası” haqqında danışaraq ana və uşaqların sağlamlığının qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu və bu sahədə İSİM tərəfindən sübutlu təbabət prinsiplərinə əsasən hazırlanan klinik protokolların əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə, eyni zamanda doğru qiymətləndirmə və monitorinq işinin aparılmasına, səhiyyə siyasətini müəyyən etməyə öz töhfəsini verdiyini vurğuladı.

Tədbirin sonunda iştrakçıları maraqlandıran suallar cavablandırıldı, geniş fikir mübadiləsi aparıldı, bu istiqamətdə İSİM-də təşkil olunan tədbirlərin əhəmiyyəti və gələcəkdə davam etdirilməsinin vacibliyi vurğulandı.

Şəkillər