Tam orta məktəblərdə reproduktiv sağlamlığın tədrisi təkmilləşdirilir (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

22 MAY 2015

Tam orta məktəblərdə reproduktiv sağlamlığın tədrisi təkmilləşdirilir (FOTO)

Vaşinqton Ailə Planlaşdırılması Mərkəzinin mütəxəssisləri İSİM-də təlim keçdilər.

2015-ci il mayın 18-22-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) reproduktiv sağlamlıq üzrə təlimçilər üçün təlim keçirildi. Təlimdə Bakıda fəaliyyət göstərən tam orta məktəblərin biologiya və həyat bilgisi fənləri üzrə tədris aparan müəllimləri, eləcə də İSİM-in mütəxəssisləri iştirak etdilər. Təlimin keçirilməsində məqsəd reproduktiv sağlamlıqailə planlaşdırılması ilə bağlı İSİM və Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış təlim materiallarının təkmilləşdirilməsi, 2014-2015-ci illərdə "yeniyetmələrin reproduktiv sağlamlığı" mövzusunda təlimçilər üçün təlim keçmiş müəllimlərin bilik və bacarıqlarının artırılması idi.

Təlim “Teen STAR” proqramını rəhbər tutaraq Vaşinqton Ailə Planlaşdırılması Mərkəzinin ekspertləri Hanna Klaus və Mary Lou Reid tərəfindən keçirildi. "Teen STAR" proqramı bu günədək Avropa, Şimali və Cənubi Amerika, Asiya və Afrika qitələri də daxil olmaqla, 30-dan çox ölkədə tədris edilib. Azərbaycanda isə bu təlimin təşkil olunması Vaşinqton Ailə Planlaşdırılması Mərkəzinin nümayəndəsi Nancy Rasselin təşəbbüsü və İSİM-in dəstəyi nəticəsində mümkün olub.

İSİM-in direktoru Ceyhun Məmmədov reproduktiv sağlamlıqla bağlı yeniyetmələr üçün xüsusi tədris və maarifləndirmə proqramı barədə məlumat verdi: “Bu fəaliyyət “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.3-cü bəndinə əsasən Təhsil Nazirliyi, İSİM və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilir. Pilot layihə çərçivəsində Bakı, Mingəçevir, Gəncə, Şəki, Zaqatala, Qax və Qəbələdə tam orta məktəb müəllimləri üçün nəzərdə tutulmuş təlimçilər üçün təlim kursu keçirilib. Təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunması, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı bilik və bacarıqların artırılmasıdır. Bunun üçün İSİM tərəfindən həmin təlimlərin keçilməsi üçün tədris vəsaiti hazırlanaraq Təhsil Nazirliyinə rəy üçün təqdim edilib.”

Təlimin açılışında BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ofisinin nümayəndəsi Fərid Babayev də iştirak etdi. Öz çıxışında Fərid Babayev Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə təşəbbüsünü yüksək qiymətləndirərək vurğuladı ki, reproduktiv sağlamlıq üzrə yeniyetmələrin məktəblərdə maarifləndirilməsi BMT-nin Əhali Fondunun daim prioritet məsələlərindən biridir.

Təlimin gedişində yeniyetmələrin reproduktiv sağlamlığı barədə daha geniş tibbi məlumatlar verilməklə yanaşı, bu məsələnin mənəvi dəyərləri xüsusi ilə vurğulandı. Qeyd olundu ki, yeniyetmələrin psixoloji vəziyyəti və onların bu mövzuda maarifləndirilməsi böyüklərin, valideynlərin dəstəyindən də asılıdır. Ekspertlər təlimdə iştirak edən müəllimlərə yeniyetmənin inkişafı, nəsilartırma üzrə maarifləndirmənin psixoloji əsasları, ailə planlaşdırılması ilə bağlı şagirdlərə izah ediləcək vacib məlumatlar verdilər. Təcrübi məşğələlər qazanılmış biliklərin möhkəmləndirilməsi baxımından faydalı oldu. Təlimi uğurla başa vurmuş müəllimlərə sertifikatlar təqdim olundu.

Təlim çərçivəsində seminar-müzakirə də təşkil olundu. Seminarda İSİM-in direktoru Ceyhun Məmmədov, Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev, Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə, İSİM-in mütəxəssisləri Teymur Hüseynov, Afət Məmmədova və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova çıxış etdilər. Məruzələrdə uşaq və yeniyetmələrin reproduktiv sağlamlığı, sanitar-gigiyenik maarifləndirilməsi, ailə planlaşdırılması, sağlam ailənin əsasları, habelə valideynlik bacarıqları, yaşıdlarla sağlam ünsiyyətin qurulmasının əhəmiyyəti diqqətə çatdırıldı. Həmçinin bu mövzularda tam orta məktəblərin biologiya və həyat bilgisi fənləri üzrə tədris aparan müəllimlərinin məlumatlı olmasının vacibliyi vurğulandı. Məktəblərdə gələcəkdə keçilməsi nəzərdə tutulan reproduktiv sağlamlıq dərslərinin mümkün olan formatı və intensivliyi də müzakirə olundu. Qeyd olundu ki, həmin dərslər və ya maarifləndirmə yalnız valideynlərin razılığı ilə aparıla bilər.

Hazırda Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin əməkdaşlığı ilə keçirilən layihə çərçivəsində məktəblərdə Azərbaycanın ənənəvi dəyərlərinə uyğun tərzdə gənclər arasında reproduktiv sağlamlıq barədə yeni yanaşmaların tətbiq edilməsi, maarifləndirmə işlərinin təşkili üçün tədbirlərin görülməsi davam etdirilir. 

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.