24 İYUL 2026
İSİM-in nümayəndələri "Sağlam ailə və reproduktiv sağlamlıq" mövzusunda təlimdə çıxış ediblər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində 21–22 iyul 2026-cı ildə “Sağlam ailə və reproduktiv sağlamlıq” mövzusunda təlim keçirilib. Sabunçu Gənclər Evində təşkil edilən təlimin əsas məqsədi gənclərlə çalışan kadrların reproduktiv sağlamlıq, ailə planlaşdırılması və erkən nikahın fəsadları üzrə biliklərini artırmaq, bu istiqamətdə gənclər arasında aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək olub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, səhiyyə sahəsi üzrə ekspertlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova təlimin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına xidmət etdiyini vurğulayıb. Nazirliyin Sosial proqramlar sektorunun müdiri vəzifəsini icra edən Nərmin Cahangirova təlimin qadınların sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: Sağlam gələcəyə tibbi baxış”, İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova “Erkən hamiləliyin tibbi fəsadları və sağlam həyat tərzi”, mərkəzin psixoloqu Aysel Musayeva isə “Stressin reproduktiv sağlamlığa təsiri” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər reproduktiv sağlamlığın qorunmasının vacibliyini vurğulayaraq, vaxtında aparılan profilaktik müayinələrin, psixoloji amillərin və sağlam həyat tərzinin ailə rifahındakı rolundan danışıblar. Tədbirdə həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva “Sağlam ailənin təməli: hüquqi biliklər və məsuliyyətli ailə quruculuğu”, Gənclər və İdman Nazirliyinin Gənclər evləri ilə iş sektorunun əməkdaşı Əsmər Məmmədova isə “Sağlam ailə və reproduktiv sağlamlıq: Media dili və etik yanaşmalar” mövzularında geniş məlumat təqdim ediblər. İnteraktiv formatda davam edən ikigünlük təlimdə iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.









