13 İYUL 2026
Süd vəzi xərçənginin profilaktikasına dair maarifləndirmə tədbiri və tibbi müayinə təşkil olunub
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Azərxalça” ASC-nin qadın əməkdaşları üçün “Süd vəzi xərçənginin profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd qadınlar arasında süd vəzi xərçəngi barədə məlumatlılıq səviyyəsini artırmaq, erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq və profilaktika üsullarını təşviq etmək olub. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova çıxış edərək xəstəliyin vaxtında aşkarlanmasının effektiv müalicədəki rolu, əsas risk faktorları və qorunma yolları, həmçinin bu istiqamətdə həyata keçirilən ictimai səhiyyə tədbirlərindən danışıb. Maarifləndirmə hissəsinin ardınca Milli Onkologiya Mərkəzinin həkim-mammoloqu və USM (Ultrasəs müayinəsi) mütəxəssisi tərəfindən iştirakçılar üçün ödənişsiz tibbi müayinələr təşkil olunub. Həkimlər qadınları müayinədən keçirərək onları maraqlandıran sualları cavablandırıblar. Sonda tədbir iştirakçılarına İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materialları paylanılıb.









