22 İYUN 2026
Azərbaycan səhiyyə işçiləri Polşada keçirilən beynəlxalq forumda iştirak ediblər
Polşa Respublikasının Krakov şəhərində insan papillomavirusuna (HPV - Human papillomavirus) qarşı peyvəndlənmə üzrə beynəlxalq maarifləndirmə forumu keçirilib. Forumda Avropa, Yaxın Şərq və Afrika ölkələrindən mütəxəssislər iştirak ediblər. Beynəlxalq forumun məqsədi qlobal miqyasda ictimai sağlamlığın qorunması baxımından insan papillomavirusuna (İPV) qarşı peyvəndlənmə barədə məlumatlılığı artırmaq, virusun səbəb olduğu xəstəliklərin profilaktikasını gücləndirmək, eləcə də bu vaksinin tətbiqinə dair qabaqcıl beynəlxalq təcrübələri müzakirə etmək olub. Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Səbinə Babazadə, həkim-metodisti Gülnarə Rzayeva, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Adilə Rzayeva, eləcə də Milli Onkologiya Mərkəzinin Xərçəngönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin onkoginekoloqu Nərgiz Zeynal yer alıblar. Forumda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəsmiləri ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması, xərçəngönü xəstəliklərin erkən diaqnostikası və profilaktikası istiqamətində dövlət tərəfindən həyata keçirilən strateji proqramlar, qazanılmış uğurlar və cari vəziyyət barədə ətraflı məlumat veriblər. İki gün davam edən forumda İPV ilə əlaqəli xəstəliklərin dünyadakı epidemioloji yükü, peyvəndə olan ictimai etimadın artırılması yolları və əhali arasında effektiv kommunikasiya strategiyalarının qurulması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Forum çərçivəsində iştirakçılar İPV peyvəndlənməsinin genişləndirilməsi istiqamətində uğurlu ölkə modelləri ilə yaxından tanış olub, tematik seminar və panel müzakirələrində fəal iştirak ediblər. Qeyd edək ki, İPV peyvəndi uşaqlıq boynu xərçəngi və bir sıra digər onkoloji xəstəliklərin qarşısının alınmasında ən effektiv qoruyucu tədbirlərdən biri hesab olunur. Bu peyvəndin ölkəmizdə tətbiqi və vaksinasiya proqramlarına daxil edilməsi ilə bağlı hazırda müvafiq addımlar atılır.









