29 APREL 2026
İnternat məktəblərində maarifləndirici tədbirlər keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı və Sumqayıt şəhərlərindəki internat məktəblərinin şagirdləri üçün maarifləndirici tədbirlər keçirilib. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirlərdə şagirdlərə sağlam həyat tərzi, gigiyena qaydaları, yol hərəkəti nişanları, fiziki aktivlik və digər mövzularda ətraflı məlumat verilib. İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, həkim-metodisti Sevinc Bağırova, Afaq Allahyarova və digər əməkdaşlar - Ülkər Abdullayeva, Türkan Məmmədova, Yeganə Şirvanlı, Elnarə Nuriyeva və Elnarə İsmayılova şagirdlər qarşısında çıxış ediblər. Məktəblilərə zərərli vərdişlərin mənfi təsirləri izah edilib, sağlam həyat tərzi seçmək, sağlam qidalanmaq tövsiyə olunub. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.









