29 APREL 2026
“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici görüş olub
Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti tədbir Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda keçirilib. Maarifləndirici görüşün məqsədi gənclərin ailə həyatına hazırlanması, təhlükəsiz reproduktiv davranışların təşviqi, sağlam uşaqların dünyaya gəlməsi və ailə planlaşdırılması ilə bağlı biliklərin artırılması olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov çıxış edərək, gənclərə demoqrafik təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdən söz açıb. Səhiyyə Nazirliyi İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Teymur Ağazadə sağlam nəslin yetişdirilməsi və ailələrin sağlamlığının qorunması barədə tələbələrə ətraflı məlumat verib. Görüş interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb.









