25 FEVRAL 2025
Səhiyyə Nazirliyinin nümayəndələri Cerba adasında keçirilən seminarda iştirak ediblər
Tunisin Cerba adasında 19-20 fevral 2025-ci ildə “Epidemiyalar zamanı infodemiyanın idarə olunması” mövzusunda seminar keçirilib. Seminar Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi, Avropa İttifaqının Səhiyyə Təhlükəsizliyi Təşəbbüsü, Yeni və İnkişaf etməkdə olan Xəstəliklər üzrə Milli Müşahidə Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Səhiyyədə fövqəladə hallar zamanıinfodemiyaların (doğru və yanlış məlumatların həddindən artıq yayılması) idarə edilməsinə dair strategiyaların inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə keçirilən seminarda müxtəlif ölkələrdən 70-ə yaxın nümayəndə iştirak edib. Seminarda risk kommunikasiyası, böhran idarəçiliyi, sosial media, epidemioloji kəşfiyyat və səhiyyə savadlılığı sahəsində çalışan mütəxəssislər təmsil olunublar.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova, Təlim-resurs şöbəsinin Simulyasiya bölməsinin müdiri Aysel Məmmədzadə və Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Anar Ağamirzəyev seminarda iştirak ediblər.
İştirakçılara infodemiyaların aşkar edilməsi, izlənməsi və idarə olunması üçün sosial dinləmə və məlumat ekosistemlərinin xəritələndirilməsi kimi alətlər öyrədilib. Yanlış məlumatların yayılmasına təsir edən sosial və davranış faktorlarının araşdırılması və qarşısının alınması üçün praktiki yanaşmalar ətrafında müzakirələr aparılıb.









