Şəmkir rayonunda vərəm əleyhinə maarifləndirmə tədbiri keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

5 ОКТЯБРЯ 2018

Şəmkir rayonunda vərəm əleyhinə maarifləndirmə tədbiri keçirilib

Vərəm Əleyhinə Koalisiyanın üzvləri 5 oktyabr 2018-ci il tarixdə Şəmkir rayonuna səfər edib. Onlar əvvəlcə rayonun Ağciyər Xəstəlikləri xəstəxanasına baş çəkərək stasionar müalicə alan xəstələrin vəziyyəti ilə tanış olublar.  

Sonra Şəmkir şəhərində Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə maarifləndirmə tədbiri keçirilib. Tədbiri giriş sözləri ilə açan Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz İbrahimov əhalinin tibbi maarifləndirilməsinin vacib məsələ olduğunu bildirib. “Sağlamlığa xidmət” İctimai Birliyinin sədr müavini Pərvanə Vəliyeva koalisiyanın vərəmlə mübarizə tədbirləri haqqında məlumat verib. Koalisiyanın sədri Elçin Muxtarlı çıxış edərək, Ümumdünya Səhiyyə Təşkilatının vərəm xəstəliyi ilə bağlı açıqladığı məlumatı diqqətə çatdırıb.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdir müavini Şəhla Mirzəzadə təhsil müəssisələrində vərəm əleyhinə daim profilaktik tədbirlərin aparılmasının böyük əhəmiyyət daşıdığını bildirərək, İSİM-in bu sahədəki uğurlu fəaliyyətindən söz açıb.

Həkim koordinator Samirə Məmmədova xəstəlik, onun yayılma yolları, profilaktikası və müalicəsi barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə bir daha vurğulanıb ki, xəstəliklə mübarizə məqsədilə rayon təhsil şöbələri və məktəblərin maarifləndirilməsinə xüsusi diqqət yetirilməli, hər bir regionun gəncləri, könüllüləri də vərəmlə mübarizədə fəal iştirak etməlidir.