MEDİA VASİTƏLƏRİNDƏ / 16 YANVAR 2019
Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər
Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Tütündən imtina et" mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Trend-in məlumatına görə, "dəyirmi masa"da çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev tədbirin keçirilməsində əsas məqsədin əhalinin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da genişləndirmək olduğunu deyib: "Əhalinin sağlamlığının qorunması, gənc nəslin sağlam böyüməsi və inkişafı, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədilə ölkəmizdə kompleks tədbirlər görülür, qanunvericilikdə mühüm dəyişikliklər edilir. Hazırda əsas məqsəd Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasıdır".
Dünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı çıxış edərək tütün epidemiyası ilə mübarizənin aktual məsələ olduğunu vurğulayıb.