6 OKTYABR 2016
Şəkidə fövqəladə hallarda zərərçəkmiş əhalinin reproduktiv sağlamlığının qorunması mövzusunda təlim keçirildi
2016-cı il 5 oktyabr tarixdə Şəkidə "Fövqəladə hallarda zərərçəkmiş əhalinin reproduktiv sağlamlığının qorunması üçün Minimal Paket Xidmətlərinin göstərilməsinin təşkili" mövzusunda təlim keçirildi. Təlim regionlarda olan zərurəti nəzərə alaraq fövqəladə hallarda zərərçəkmiş əhalinin reproduktiv sağlamlığının qorunması üçün yerlərdə Səhiyyə Nazirliyinin qurumlarının digər dövlət qurumları (Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, rayon icra hakimiyyətləri) ilə əməkdaşlığının təkmilləşdirilməsi işini təmin etmək, humanitar sahələrdə reproduktiv sağlamlıq üzrə MİXP-nin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialı artırılmaq məqsədiylə təşkil olunmuşdu.
Səhiyyə Nazirliyinin təşkilatçılığı və BMT-nin Əhali Fondunun texniki dəstəyi ilə həyata keçirilən təlimdə iştirak etmək üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi Keyfiyyət Standartlari şöbəsinin həkim-metodisti Teymur Hüseynov Şəkiyə ezam olundular.
Şəki Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbirdə Oğuz, Qax, Zakatala, Balakən rayon mərkəzi xəstəxanalarının baş həkimləri, baş həkimin müalicə işləri üzrə müavinləri, doğum şöbələrinin müdirləri,Fövqəladə Hallar Nazirliyinin və Daxili işlər Nazirliyinin aidiyyəti nümayəndələri bir araya gəldilər.
Toplanan auditoriya qarşısında çıxış edən İSİM-in nümayəndələri görüşün məqsədini açıqlayıb, fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması üçün Minimal Paket Xidmətlərinin (MİXP) göstərilməsibarədə görüş iştirakçılarına məlumat verdilər.
Daha sonda məruzəçilər MİXP-nin beynəlxalq aləmdə işlənməsinin tarixçəsi, ölkəmizdə fövqəladə hallarda əhalinin reproduktiv sağlamlığının qorunması sahəsində mövcud olan hazırlıq, bu hazırlığın yüksək səviyyədə saxlanılması və lazım gəldikdə reallaşdırılması üçün nazirliklər/idarələrarası inteqrasiyanın vacibliyindən danışdılar. Mümkün fövqəladə hallarda Səhiyyə Nazirliyi və digər nazirliklərin aidiyyəti qurumları ilə əlaqəli işin daha yaxşı qurulmasına nail olmaq üçün MİXP haqda yaxından məlumatlı olmanın vacibliyi xüsusi olaraq vurğulandı. Sonda nazirliklər/idarələrarası koordinasiya əlaqələrinin saxlanılması üçün məqsədəuyğun əməkdaşlığın qurulması formalarımüzakirə olundu.