“Körpə dostu – klinikasında ana südü ilə qidalandırmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlimin ilk həftəsi yekunlaşdı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

25 ОКТЯБРЯ 2019

“Körpə dostu – klinikasında ana südü ilə qidalandırmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlimin ilk həftəsi yekunlaşdı

21-24 oktyabr 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Körpə dostu – klinikasında ana südü ilə qidalandırmanın dəstəklənməsi və təşviqi” mövzusu üzrə təlim keçirildi.

Səhiyyə Nazirliyi, İSİM və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən təlimin məqsədi xəstəxanaların doğum şöbələri və doğum evlərinin tibb bacıları və mamaçalarına yeni ana olan qadınları körpələrini ana südü ilə qidalandırmağa təşviq etmək bacarıqlarını aşılamaq, ana südü ilə qidalandırmaya köməklik edən praktiki bilikləri öyrətmək, tibb işçilərini analara göstərilən davamlı dəstək mexanizmləri barədə məlumatlandırmaq idi.

Dörd gün davam edən təlimlərdə Ailə Planlanması Məsləhətxanasının baş həkimi Sitarə Haqverdiyeva, Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının dosenti, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi  Səadət Ələsgərova, Səhiyyə Nazirliyi Respublika Perinatal Mərkəzinin neanotologiya üzrə direktor müavini Məryəm Rzayeva, Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının müəllimi, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikasının həkim-pediatrı Nürəngiz Hacıyeva çıxış etdilər.

Təlim iştirakçılarına – Bakının 13 xəstəxanasının doğum şöbələri və doğum evlərindən olan tibb bacıları və mamaçalara ana südünün üstünlüklərini, süni qidaların ana südünə nisbətdə fərqini analara çatdırmaq, həmçinin südün ifrazı, körpə əmə bilməyəndə atılan addımlar, döş və döşgiləsinin narahatlıqları, eləcə də anaların və körpələrin sağlamlığının qorunmasına yönəlmiş  mövzular barədə ətraflı məlumat verildi.

Yekunda təlim zamanı əldə edilən bilik və bacarıqların son nəticələri müzakirə edildi, tibb işçilərinin sualları cavablandırıldı.

Qeyd edək ki,  bu ilin dekabr ayına qədər davam edəcək “Körpə dostu – klinikasında ana südü ilə qidalandırmanın dəstəklənməsi və təşviqi” mövzusu üzrə təlimlər doğum evlərinin  daha çox tibb bacıları və mamaçalarının maariflənməsinə və bu istiqamətdə görülən tədbirlərin effektiliyinin daha da artırılmasına səbəb olacaq.

Şəkillərlə burada tanış olmaq olar.