“Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

30 МАЯ 2019

“Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilmişdir. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsi çərçivəsində növbəti silsilə tədbirlərini keçirdi. Bakı şəhəri üzrə 5, 177, 149, 110 saylı orta məktəblərdə şagirdlər arasında “Zərərli vərdişlər” mövuzusu üzrə rəsm müsabiqəsi təşkil olundu. 9-15 yaşında olan şagirdlər arasında keçirilmiş müsabiqə tütünçəkmə, narkomaniyanın zərərləri barədə məlumatlandırmanın artırılması və bu problemə cəmiyyətin diqqətini cəlb etmək məqsədi daşıyırdı. Zərərli vərdişlərdən uzaq olmağa çağıran rəsm əsərləri şagirdlərin ideya və fantaziyalarını əks etdirirdi. İştrakçılar çəkdikləri rəsmlərdə ifadə etmək istədikləri fikirləri izah etdilər və zərərli vərdişlərin insan orqanizminə və ətrafdakılara ziyanları barəsində biliklərini bölüşdülər.

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə və Səhiyyə kommunikasiyası şöbəsinin rəssam-dizayneri Firuzə Qafarlıdan ibarət münsiflər heyətinin müəyyənləşdirdiyi qaliblər elan olundu və onlara mükafatlar təqdim edildi. Həmçinin uşaqların bu qəbildən olan tədbirlərdə iştirakını təşviq etmək üçün müsabiqəyə qatılan bütün iştirakçılara həvəsləndirici hədiyyələr verildi.

Şəkillərlə burada tanış olmaq olar.