Azərbaycanda Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

20 ДЕКАБРЯ 2017

Azərbaycanda Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirildi

Tütünlə mübarizə sahəsində son zamanlarda Azərbaycanda yaşanan xüsusi fəallığın davamı olaraq, 2017-ci il dekabrın 20-də “Hyatt Regency” mehmanxanasının “Bakı” zalında Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirildi. Ölkə əhalisinin sağlamlığının qorunması sahəsində və tütün epidemiyasının artan təhlükələrinə qarşı daha məqsədyönlü və səmərəli cavab tədbirləri baxımından Milli Məclis tərəfindən yenicə qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun konfransın əsas müzakirə obyekti oldu.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatının icra etdiyi “Tüstüsüz Cəmiyyət” layihəsi çərçivəsində, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) tərəfdaşlığı ilə təşkil edilmişdi. İSİM-in direktoru Ceyhun Məmmədov konfransı giriş sözü ilə açaraq bildirdi ki, hazırda tütün epidemiyası ilə mübarizə dünyanın əksər ölkələri qarşısında duran ən mühüm məsələlərdən biridir. Bütün dünyada baş verən ölüm hallarının 70%-ni təşkil edən qeyri-infeksion xəstəliklər yükünün başlıca və dəyişdirilə bilən davranış risk faktorunun məhz tütündən istifadə olduğunu söyləyən İSİM-in direktoru bu təhlükəyə qarşı Azərbaycanda son illər mühüm addımlar atıldığını vurğuladı: “Hələ 2005-ci ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Tütünə qarşı mübarizə haqqında Ümümdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Bu addım Azərbaycanda tütünlə mübarizənin ən yüksək səviyyədə dəstəklənməsini bir daha sübut etdi. Cənab Prezident tərəfindən 2015-ci ildə tütünlə mübarizə məsələlərini geniş əks etdirən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın imzalanması ölkəmizdə tütünlə mübarizə tədbirlərinə yeni təkan verdi. Bugünkü konfrans isə 2009, 2010 və 2013-cü illərdə keçirilən Tütünlə Mübarizə üzrə Milli Konfransların davamıdır və ölkəmizdə bu sahədə baş verən xüsusi fəallıq dövrünə təsadüf edir”.

Konfransda tütünlə mübarizə məsələlərin aktuallığı və onların həlli istiqamətləri ətrafında səmərəli müzakirələr oldu, çıxışlar dinlənildi. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Ramiz Əliyev çıxış edərək, tütünlə mübarizə istiqamətində dünyada və ölkəmizdə görülən işlərdən söz açdılar. Bütün dünyada qeyri-infeksion xəstəliklərin qlobal yükünə çevrilən tütünçəkmə problemi ilə bağlı ən son statistik rəqəmlər bir daha diqqətə çatdırıldı, xüsusən gənc nəsli bu zərərli epidemiyadan qorumaq üçün hamılıqla mübarizənin vacibliyi vurğulandı.