Məktəblilərə “Narkotiklərsiz gələcəyə doğru” çağırış edildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

30 НОЯБРЯ 2017

Məktəblilərə “Narkotiklərsiz gələcəyə doğru” çağırış edildi

29 noyabr 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasında məktəblilər üçün “Narkotiklərsiz gələcəyə doğru” adlı tədbir keçirildi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadənin də çıxışı dinlənilən tədbirdə zərərli vərdişlər, narkotik maddələrə aludəliyin ağır fəsadları barədə ətraflı məlumat verdi. Tədbiri giriş sözü açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının sədri İradə Mahmudova bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayaraq, gəncləri narkotik maddələrdən, o cümlədən digər zərərli vərdişlərdən uzaq tərbiyə etməyin vacibliyini bildirdi.

Tədbir iştirakçılarının diqqətinə çatdırılan təqdimatda narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyi, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığı göstərildi. Həmçinin narkomaniya, narkotik maddələr tarixən təbabətdə, narkotikin fəsadları, vacib faktlar, narkotik maddələrin qrupları, onların qəbulunun əsas səbəbləri, təsiri, istifadə əlamətləri, pedaqoji sayıqlıq, davranış dəyişməsi, statistika, qanunlar və mübarizə yolları haqqında ətraflı məlumat verildi. Eləcə də narkomaniyanın profilaktikası məqsədilə təqdimatların, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, bununla da sağlam həyat tərzinin təbliğ edilməsinin vacibliyi vurğulandı.

Narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər barədə danışan Ş. Mirzəzadə həyata keçirilən proqram və layihələr barədə məlumat verdi, gənclərə müvafiq tövsiyələrini çatdırdı: “Narkomaniya bəşəri problem olaraq bütün dünyanı əhatə etməkdədir və bunun çox təhlükəli fəsadları ola bilər. Bu bəlaya qarşı mübarizə çox ciddi məsuliyyət və zaman tələb edir. Məhz bu səbəbdəndir ki, Azərbaycanda da narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas məsələlərindən biri hesab olunmaqdadır.”

Məruzəçi narkomaniyanın insanı məhvə aparan zərərli vərdiş olduğunu nəzərə çatdıraraq gəncləri sağlam həyat tərzini seçməyə çağırdı.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirin sonunda İSİM tərəfindən mövzu ilə əlaqədar hazırlanmış maarifləndirmə materialları paylanıldı, iştirakçıların sualları cavablandırıldı.