Region tibb mütəxəssisləri üçün “Fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

18 ОКТЯБРЯ 2017

Region tibb mütəxəssisləri üçün “Fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması” mövzusunda seminar keçirildi

17 oktyabr 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması” mövzusunda Lənkəranda seminar keçirdi. Səhiyyə Nazirliyinin 2017-ci il üçün mülki müdafiə tədbirlər planına əsasən, BMT-nin Əhali Fondunun İSİM-lə əməkdaşlığı çərçivəsində təşkil olunan  seminarda Lənkəran, Masallı, Astara, Yardımlı və Lerik Mərkəzi Rayon Xəstəxanalarının tabeliyində olan tibb müəssisələrinin müalicə işləri üzrə baş həkim müavinləri, ginekoloqlar iştirak etdilər.

Tədbir BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev və proqram üzrə mütəxəssisi Ramiz Hüseynovun, həmçinin Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçdi. Fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması üçün Minimal Paket Xidmətlərinin (MİPX) göstərilməsi barədə iştirakçılara ətraflı məlumat verildi.

İSİM-in əməkdaşları – Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov seminarda çıxış edərək bildirdilər ki, minimal ilkin xidmətlərdə qida, su və sığınacağın zəruriliyi ilə yanaşı, zərərçəkənlərin  rifahının və ləyaqətinin təmin edilməsi də mühüm məsələdir.

Seminarda vurğulandı ki, ölkəmizdə fövqəladə hallarda əhalinin reproduktiv sağlamlığının qorunması sahəsində mövcud hazırlığın yüksək səviyyədə saxlanılması və lazım gəldikdə reallaşdırılması üçün nazirliklər/idarələrarası inteqrasiyanın olması vacibdir.