İctimai Səhiyyə və İslahatlar Mərkəzi 2018-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim edib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

PRESS PRESS ARCHIVE

PRESS / 17 MAY 2019

www.azertag.az

İctimai Səhiyyə və İslahatlar Mərkəzi 2018-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim edib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2018-ci ilin yekunlarına dair illik hesabatını ictimaiyyətə təqdim edib.

Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

İllik hesabatda mərkəzin fəaliyyəti, səhiyyə sahəsində həyata keçirilən strategiya və tədbirlər barədə, həmçinin xəstəliklərlə mübarizə, profilaktikanın təşkili sahəsində əldə olunan nəticələr, görülən işlər barədə məlumatlar öz əksini tapıb. Hesabat dövründə səhiyyənin prioritet sahələrinə aid altı Dövlət Proqramı çərçivəsində işlər davam etdirilib, Nazirlər Kabinetinin səhiyyənin inkişafı və səhiyyə islahatları istiqamətində vacib əhəmiyyət kəsb edən doqquz Tədbirlər Proqramı üzrə Səhiyyə Nazirliyi tərəfindən İSİM-ə həvalə edilən fəaliyyətlər yüksək məsuliyyətlə həyata keçirilib. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və xarici təcrübənin öyrənilməsi məqsədilə ötən il 50-dən çox təşkilatla sıx əməkdaşlıq edilib, mərkəzin əməkdaşlarının ölkə xaricində təşkil olunmuş 12 layihədə iştirakı təmin olunub.

Hesabat ilində ölkəmizdə əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin yayılmasını müəyyən etmək məqsədilə keçirilən STEPS sorğusunun nəticələri təhlil edilib, analiz olunaraq hesabat hazırlanıb. 45 üzv ölkədən ibarət "Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi" beynəlxalq şəbəkəsinin (Health Behaviour in School-aged Chİldren - HBSC) Varşava şəhərində baş tutan toplantısında Azərbaycan nümayəndəsi iştirak edib və nəticələrin təhlilinə dair hesabatı dinlənilib. İSİM-in 2017-ci ildən üzv olduğu “Sağlamlığı təşviq edən məktəblər” (SHE) şəbəkəsi çərçivəsində 2018-ci ildə 177, 149, 110 və 5 nömrəli məktəblərdə pilot olaraq maarifləndirici tədbirlər həyata keçirilib, monitorinq və qiymətləndirmələr aparılıb.

Tütünçəkmə və digər zərərli vərdişlərə qarşı mübarizə istiqamətində İSİM-in beynəlxalq, dövlət və qeyri-hökumət təşkılatları, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı 2018-ci ildə də davam etdirilib, bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlər, aksiyalar keçirilib. Azərbaycanda qəbul edilmiş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun səmərəli icrasını təmin etmək və tütünçəkmənin qadağan olunduğu bir sıra yerlərdə qanunun müvafiq tələblərinə riayət olunma səviyyəsini qiymətləndirilmək məqsədilə İSİM tərəfindən 2018-ci ilin oktyabr-noyabr aylarında müşahidə tədqiqatı aparılıb. Tütünlə mübarizə portalı olan www.tobaccocontrol.az saytındakı və onun “Facebook” səhifəsindəki məlumatlar hesabat dövründə daim yenilənib, 2015-ci il mayın 31-dən etibarən İSİM tərəfindən start verilən "Hər günün tütünsüz olsun!" adlı aksiya Azərbaycan və ingilis dilində olan www. nosmoke.az internet səhifəsində təşkil olunub və həm yerli vətəndaşların, həm də əcnəbilərin aksiyaya qoşulmasına imkan yaradılıb. Ötən il İSİM tərəfindən “Nosmoke selfie”, həmçinin Dünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin dəstəyi ilə “Tütündən imtina et” mobil əlavələri hazırlanıb.

2018-ci ildə İSİM tərəfindən 68 maarifləndirici çap materialı hazırlanaraq çap olunub, sağlam həyat tərzinin təbliği, ana südünün əhəmiyyəti, uşağın erkən inkişafı ilə bağlı 5 sosial çarx və 1 mobil əlavə hazırlanıb. Hesabat ilində İSİM-in fəaliyyəti ilə bağlı KİV-də 2000-dən çox material əksini tapıb, ictimai səhiyyə mütəxəssisləri tərəfindən televiziya kanallarına və radio dalğalarına 100-dən çox müsahibə, müxtəlif saytlara və qəzetlərə isə 80-dan çox açıqlama verilib, sorğular cavablandırılıb. Eyni zamanda İSİM-in sosial şəbəkələrdəki fəaliyyətinin tənzimlənməsi və effektivliyinin artırılması üçün “Facebook”, “Twitter”, “Instagram” sosial şəbəkələri üzrə təlimatlar hazırlanıb, istifadəçilərə müxtəlif maarifləndirici materiallar təqdim edilib.

İSİM tərəfindən ötən il təhsil müəssisələrində infeksion və qeyri-infeksion xəstəliklərin risk faktorları ilə mübarizə, eləcə də sağlam həyat tərzinin təbliği istiqamətində 51 tədbir keçirilib və iştirakçılara mövzuya dair maarifləndirici materiallar paylanılıb. Eyni zamanda, ilkin səhiyyə xidmətləri göstərən müəssisələrin işçiləri üçün təlimlər təşkil edilib, ilkin səhiyyə səviyyəsində sağlamlıq göstəricilərinin qiymətləndirilməsi məqsədilə vaxtaşırı məlumatların toplanması və təhlili həyata keçirilib, “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”na müvafiq olaraq Səhiyyə Nazirliyinin dəstəyi ilə İSİM tərəfindən əhali qruplarının peyvəndlərlə əhatə səviyyəsini müəyyənləşdirmək məqsədilə anket sorğu aparılıb. Həmçinin 21 metodiki vəsait işlənib hazırlanaraq Elmi-Tibbi Şuraya təqdim olunub və bu vəsaitlərdən 10-u 2018-ci ildə Şura tərəfindən təsdiq edilib.

Ötən il İSİM üçün bir neçə yeni istiqamətli fəaliyyətlərin həyata keçirilməsi ilə də yadda qalan olub, www.embg.az klinik protokollar portalı yaradılıb. Tibbi sübutlara əsaslanan bu informasiya resursundan Avropa və keçmiş SSRİ-nin 10-dan çox ölkəsinin həkimləri istifadə edirlər və artıq onların sırasına Azərbaycan həkimləri də qoşulub. Bu protokollarla yanaşı, portalda Azərbaycan həkimləri üçün sübutlara əsaslanan Cochrane Library MedLine, PubMed beynəlxalq məlumat bazalarından 4000-dən çox elmi məqalə, o cümlədən müxtəlif patologiyalar zamanı ürək və ağciyərdə eşidilən küylərin audioyazılmaları, dermatoloji və göz xəstəliklərinin şəkilləri və təsviri Azərbaycan istifadəçilərinə təqdim olunur.

Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə 2006-cı ildə yaradılan İSİM-in 2019-cu ildə yenidən qurulması həyata keçirildi və tibb işçilərinin sertifikasiyası, tibb müəssisələrinin və tibbi elmi-praktik iclasların akkreditasiyası İSİM-ə həvalə olundu. Beləliklə, tibb müəssisələrinin akkreditasiyaya daxil edilməsi xəstələrə göstərilən xidmətin keyfiyyətinin artırılmasına, tədricən onların dünya standartları səviyyəsinə çatdırılmasına, xəstələr və tibb işçiləri arasında qarşılıqlı etibarın qazanılmasına zəmin yaradacaq.

Hesabatın tam mətni ilə www.isim.az saytının resurslar bölməsində (https://www.isim.az/az/docs/31) tanış olmaq mümkündür.

https://azertag.az/xeber/Ictimai_Sehiyye_ve_Islahatlar_Merkezi_2018_ci_ilin_yekunlarina_dair_hesabati_ictimaiyyete_teqdim_edib-1283717