Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev: “Sevindirici haldır ki, Azərbaycan bu tədqiqatlardan kənarda deyil” | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

PRESS PRESS ARCHIVE

PRESS / 22 JULY 2021

sehiyye.gov.az

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev: “Sevindirici haldır ki, Azərbaycan bu tədqiqatlardan kənarda deyil”

Səhiyyə işçiləri arasında COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqat aparılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən aparılan COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi tədqiqatının birinci mərhələsi başa çatıb. İSİM-in direktoru Qəhrəman Haqverdiyev ölkəmizdə həyata keçirilən bu genişmiqyaslı araşdırma ilə bağlı sualları cavablandırıb.

 – Ölkəmizdə aparılan bu tədqiqatın məqsədi nədir?

– Bu, COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin qiymətləndirilməsinə dair genişmiqyaslı kohort tədqiqatdır. Layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən UNITY protokollarına uyğun qlobal tədqiqatlar çərçivəsində təklif olunub. Bir çox Avropa ölkəsində eyni vaxtda həyata keçirilən və yerli şəraitə uyğunlaşdırılaraq aparılan tədqiqatın əsas məqsədi vaksinin effektivliyinin dəyərləndirilməsidir. Eləcə də, vaksinin təsir müddətinin qiymətləndirilməsi, yaş, yanaşı gedən xəstəliklər və s. amillərin rolunun araşdırılması kimi vacib olan digər məqamlar da var. Bir sözlə, tədqiqatın hədəfi COVID-19 infeksiyasının xüsusiyyətlərini öyrənmək və onu ram etmək üçün etibarlı məlumatlar toplamaqdır. Sevindirici haldır ki, Azərbaycan bu tədqiqatlardan kənarda deyil. Respublikamızda epidemioloji vəziyyətin nisbi yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyası hələ davam edir, getdikcə daha təhlükəli ştammlar ortaya çıxır və kütləvi vaksinasiyanın alternativi olmadığına bir daha əminlik yaranır.

 – Tədqiqat necə aparılır, kimləri əhatə edir?

 – Bakı şəhəri üzrə səhiyyə müəssisələrində çalışan tibb və qeyri-tibb işçiləri bu tədqiqata cəlb olunublar. Tədqiqat yeddi tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında aparılır. Səhiyyə müəssisəsində çalışan və COVID-19 xəstəliyinə qarşı peyvənd olunan 1500 əməkdaş razılıq formasını imzalayaraq tədqiqatda iştirak edirlər. Tədqiqat 12 ay ərzində aparılacaq. İştirakçılar ildə üç dəfə – layihənin əvvəlində, altı aydan və bir ildən sonra koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçəcəklər. Artıq birinci mərhələ üzrə qan nümunələri toplamışıq və tezliklə testin ilk nəticələrini alacağıq.

 – Sonrakı mərhələlərdə hansı addımlar atılacaq?

 – Tədqiqat müddətində iştirakçılar hər həftə qısa sorğu anketindən keçəcəklər və onların ümumi vəziyyətləri müşahidə altında olacaq. Qeyd edim ki, hər respondent ilə əvvəlcə geniş sorğu aparılıb, pandemiya dövründə COVID-19 xəstəliyinə yoluxub-yoluxmaması, yanaşı xəstəliklərin olub-olmaması, xəstələrlə nə qədər tez-tez təmasda olması və sair kimi suallara cavabları toplanıb. Tədqiqatda vacib məqam ondan ibarətdir ki, il ərzində hər həftə onlardan hazırkı sağlamlıq vəziyyətlərini, koronavirus infeksiyasına şübhəli simptomlarının olub-olmadığını soruşuruq və varsa, müvafiq müayinələrdən keçmələrini xahiş edirik. Belə ki, PZR analizi müsbətdirsə, başqa bir qısa sorğu aparılır və analiz nümunələri bir il ərzində saxlanılması üçün göndərilir.

 Beləliklə, il ərzində 1500 səhiyyə işçisi daim müşahidə altında olacaq. İştirakçılar da məmnundur, çünki onlar il ərzində üç dəfə heç bir ödəniş etmədən antitellərin yoxlanılması testindən keçəcəklər, başqa sözlə, sağlamlıq vəziyyətləri daim diqqət mərkəzində olacaq.

 – Peyvəndlərin effektivliyinin öyrənilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı niyə məhz səhiyyə işçilərini seçdi?

 – Birincisi, səhiyyə işçiləri yeni növ koronavirus infeksiyasına yoluxma ehtimalı ən yüksək olan həssas əhali qrupudur. İkincisi, onlar Milli Peyvənd Strategiyası üzrə ilk peyvənd olunanlar idi və nəhayət, səhiyyə işçiləri arasında COVID-19 infeksiyasına dair əldə edilən məlumatlar yalnız virusun ötürülmə xüsusiyyətlərini müəyyənləşdirmək və risk amillərini aşkarlamaq üçün deyil, həm də səhiyyə işçilərini yeni yoluxma hallarından qorumaq üçün vacibdir.

– Qeyd etdiniz ki, analoji tədqiqat digər Avropa ölkələrində də həyata keçirilir, qarşılıqlı əməkdaşlıq, təcrübə və məlumat mübadiləsi hansı səviyyədədir?

– Ötən həftə, bu tədqiqata qoşulan iştirakçı Avropa ölkələrinin layihələrin gedişi barədə hesabat verdikləri növbəti onlayn görüş keçirildi və ilk dəfə əməkdaşlarımız birinci mərhələnin uğurlu icra olunması barədə hesabat təqdim etdilər. Əlavə olaraq bildirim ki, tədqiqatın nəticələri, əldə edilən məlumatlar dünyanın aparıcı elmi jurnallarında dərc olunacaq.

 Ona görə bir daha bizə dəstək olanlara, iştirakçılara, Mərkəzimizin bu işdə fəal çalışan bütün nümayəndələrinə, eləcə də hər həftə bizimlə onlayn görüşlər keçirən, işimizə kömək edən avropalı ekspert həmkarlarıma təşəkkürümü bildirirəm. Yalnız birinci mərhələ başa çatıb, qarşıda bizi yeni dövr gözləyir, hər kəsə bu fədakar işdə uğurlar arzulayıram!


 http://sehiyye.gov.az/xeberler/3446-shiyy-nazirliyi-ctimai-shiyy-v-slahatlar-mrkzinin-direktoru-qhrman-haqverdiyev-sevindirici-haldr-ki-azrbaycan-bu-tdqiqatlardan-knarda-deyil.html