İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

Completed projects projects archive

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb UPDATED: 24 APRIL 2024

Ölkəmizdə tibbi işçiləri arasında aparılan COVID-19 və qrip əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqat başa çatıb. Bu genişmiqyaslı araşdırma Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən TƏBİB-lə əməkdaşlıqla həyata keçirilib.

ÜST-nin Avropa Bürosunun təşəbbüsü ilə 2021-ci ilin may ayında bir neçə Avropa ölkəsində, o cümlədən ölkəmizdə eyni vaxtda başlanılan tədqiqat 7 tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında,  1500 tibb işçisinin iştirakı ilə aparılıb. Tədqiqat çərçivəsində iştirakçılar yeni növ koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçirilib, qan nümunələri toplanılıb, ümumi vəziyyətləri barədə məlumatlar araşdırılıb. Bütün respondentlərlə hər həftə viral xəstəliklərin, o cümlədən COVID-19-un simptomları üzrə sorğu aparılıb, ildə 2 dəfə olmaqla qanda virusa qarşı  anti-cismlərin səviyyəsi və mövcudluğu yoxlanılıb. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında COVID-19, qrip və respirator sinsitial virus infeksiyalarına yoluxma hallarında virusun ştammının təsdiqi üçün PZR testi aparılıb. Elektron sorğular platforması vasitəsilə hər ay aparılan sorğulara cavablar anonim şəkildə məlumat bazasına toplanıb və kvartalda bir dəfə təhlil edilib. Eyni zamanda, məlumatlar davamlı olaraq toplanaraq həftədə bir dəfə tədqiqatın nəticələrinə dair hesabat hazırlanıb və ÜST və Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) ekspertləri ilə hər həftə  müzakirə olunub.

Aylıq və kvartallıq məlumatlar əsasında ildə 2 dəfə vaksinasiyanın  müxtəlif tibb işçiləri qruplarında (yaş, cins, əmək şəraiti, digər risk faktorları, yanaşı xəstəliklər və s.) müxtəlif busterlərinin effektivliyi təhlil edilib. Nəticələr Səhiyyə Nazirliyi rəhbərliyinə təqdim olunub və ölkəmizdə pandemiyaya qarşı həyata keçirilən tədbirlərə öz töhfəsini verib.

Tədqiqatın davam etdiyi 3 il müddətində 6000 qan nümunəsi götürülüb, respondentlərlə 200 mindən çox müsahibə aparılıb, 100 onlayn görüş və 30-dan çox monitorinq ziyarəti olub, məlumat bazasına 700 min məlumat vahidi daxil edilib.

Tibb elmi və ictimai səhiyyə üçün böyük əhəmiyyət daşıyan bu tədqiqatın Azərbaycanda keçirilməsi ölkəmizin elmi tədqiqat potensialının daha da genişləndirilməsinə, xüsusən infeksion xəstəliklərə dair biliklərin artırılmasına imkan yaradıb. Araşdırma nəticələri, infeksiyalara qarşı vaksinlərin effektlivliyi səviyyəsinin, təkrar yoluxmaların və dayanıqlı immunitet dərəcəsinin müəyyən edilməsi, gələcək mümkün epidemiyalar üçün effektiv vaksinasiya proqramlarının qurulmasında mövcud təcrübədən bəhrələnməsi kimi aktual məsələlərə dair 4 elmi məqalə beynəlxalq aparıcı elmi tibbi jurnallarda dərc edilib. Layihə çərçivəsində infeksion xəstəliklər üzrə xarici mütəxəssislərin iştirakı ilə iki konfrans və tədqiqatçılar üçün elmi tədqiqat metodlarının dərindən öyrənilməsi üzrə təlimlər keçirilib.

Qeyd edək ki, tədqiqatın birinci ili ÜST tərəfindən, 2 ili isə Task Force for Global Health (ABŞ, qeyri-kommersiya təşkilatı) tərəfindən dəstəklənib.

PROJECT COORDINATOR:

CONTACTS: