İSİM-də “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusuna dair brifinq keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

7 APRIL 2017

İSİM-də “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusuna dair brifinq keçirildi (FOTO)

7 aprel 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair brifinq keçirildi.

KİV nümayəndələrini salamlayan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə tədbir iştirakçılarına  “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən İSİM tərəfindən həyata keçirilməsi planlaşdırılan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu haqqında qısa məlumat verdi.

Məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların sağlamlığına təsir göstərən risk faktorların və zərərli vərdişlərin aşkar edilməsi məqsədilə keçiriləcək sorğu barədə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov daha ətraflı danışdı.  Onun sözlərinə görə, bu sorğu artıq 30 ildir ki, Avropa və Şimali Amerikada geniş istifadə edilir. “Hazırda 45 ölkə bu sorğunu hər 4 ildən bir keçirir. Sorğu məktəbli uşaqların sağlamlığının qiymətləndirilməsi ilə yanaşı əvvəlki illərdə bu istiqamətdə əldə edilmiş müsbət və ya mənfi dinamikanın müəyyən edilməsinə yardım edir və beləliklə də, vəziyyətin yaxşılaşdırılması üçün dövlət qurumlarına əsas hədəfləri təyin etməyə şərait yaradır” – deyə N.Seyidov qeyd etdi.

Mütəxəssis, həmçinin bildirdi ki, “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə (HBSC) aid olan belə bir qlobal tədqiqat Azərbaycanda ilk dəfə 2017-ci ildə keçiriləcək. Sorğunun keçirilməsi ölkəmizdəki məktəbli uşaqlar arasında sağlam davranışların öyrənilməsinə, digər ölkələrin, xüsusi ilə region ölkələrinin nəticələri ilə müqayisə edilməsinə imkan verəcək.

Qeyd etmək lazımdır ki, tədqiqat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) metodologiyası əsasında aparılacaq. Bu məqsədlə, İSİM metodologiyanın daha yaxşı öyrənilməsi və tətbiqi üçün ÜST-nin dəstəyi ilə Bakıda cari ilin əvvəlində beynəlxalq mütəxəssislərin iştirakı ilə seminar da keçirib.

Bildirək ki, uşaqlar üçün nəzərdə tutulmuş bu sorğu vərəqəsində 60-dan çox sual var. Bu suallar uşaqların bütün zərərli vərdişlər, qidalanma, sanitar-gigiyenik vərdişlər, eləcə də, fiziki aktivlik, spirtli içkilər, tütünçəkmə və s. sahələr üzrə bilik və vərdişlərini müəyyən etməyə hədəflənib.

1350 şagirdi əhatə edəcək sorğunun keçirlməsinə Təhsil Nazirliyinin dəstəyi ilə pilot layihə olaraq Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla 5, 7 və 9-cu sinif şagirdləri arasında 2017-ci ilin aprel ayında başlanılacaq. Pilot sorğu Azərbaycanın HBSC şəbəkəsinə qoşulmağın birinci addımı sayıla bilər.  

Sorğunun nəticələri barədə hesabat hazırlanacaq və Təhsil Nazirliyi ilə bərabər təhlil ediləcəkdir. Pilot sorğunun uğurlu olduğu təqdirdə, 2017-ci ilin sonunda sorğunun bütün ölkə üzrə 4300 məktəbli arasında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan bu ildən etibarən “Sağlamlığı təşviq edən məktəblərin” Avropa şəbəkəsinə üzv olmağa hazırlaşır. Xüsusi ilə vurğulamaq lazımdır ki, bu yaxınlarda İSİM Təhsil Nazirliyi ilə bərabər ÜST-nin tövsiyyələri əsasında yaradılan “Sağlamlığı təşviq edən məktəblər” konsepsiyasına uyğun olaraq pilot proqramlarının həyata keçirilməsini planlaşdırır. Azərbaycanın 4 məktəbində keçirilməsi nəzərdə tutulan proqram ÜST-nin dəstəyi ilə Azəbaycanın bütün məktəblərini sağlamlığı təşviq edən məktəblərə çevirməyə istiqamətlənib. Buna nail olmaq üçün tədbirlər, fəaliyyətlər və mexanizmlərin: sağlamlıqla bağlı vərdişlərin aşılanması, sağlamlığa dair məlumatlılığın artırılması, sanitar-gigiyenik maarifləndirmə, məktəb mühitinin sağlamlaşdırılması, məktəblərdə sağlam qidalanmanın və uşaqların ümumi rifahının yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsi də planlaşdırılır.

Brifinqin sonunda Azərbaycan üçün mühüm və yeni olan belə layihələrin ictimaiyyət tərəfindən tanınması və mütəmadi olaraq bu mövzunun onların maraq dairəsində saxlanılması üçün medianın rolunun əhəmiyyətli olduğu vurğulandı.   

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.