İSİM-də Ana və uşaq sağlamlığının inteqrasiyası proqramı (MCHIP) üzrə tərəfdaşların növbəti görüşü keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

7 JULY 2011

İSİM-də Ana və uşaq sağlamlığının inteqrasiyası proqramı (MCHIP) üzrə tərəfdaşların növbəti görüşü keçirildi

2011-ci il iyunun 7-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ana və uşaq sağlamlığının inteqrasiyası proqramı (MCHIP) üzrə tərəfdaşların növbəti görüşü keçirildi. Tədbirdə Səhiyyə Nazirliyi, İSİM, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Dövlət Tibb Universiteti, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Perinatal Mərkəzinin əməkdaşları iştirak etdilər.

Görüşün keçirilməsində məqsəd ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Save the Children” (“Uşaqların Xilası təşkilatı”) tərəfindən həyata keçirilən Ana və uşaq sağlamlığının inteqrasiyası proqramı çərçivəsində nəzərdə tutulan fəaliyyətin müzakirə edilməsi idi.

Tədbiri giriş sözü ilə açan proqramın koordinatoru Ayla Ələsgərova Ana və uşaq sağlamlığının inteqrasiyası proqramı barədə danışdı. Proqram əsasında tərəfdaşlarla əməkdaşlıq vasitəsilə yüksək dərəcədə sübutlu materialların ana və uşaq sağlamlığına müdaxiləsinin seçimi, bununla da ana və uşaq ölümünün səviyyəsinin azaldılması, nəticədə minilliyin inkişaf məqsədlərinə nail olmaq məqsədinin dayandığını vurğuladı. Proqramın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Səhiyyə Nazirliyi, İSİM və İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi ilə sıx əməkdaşlıq sayəsində tərtib olunduğunu qeyd edən koordinator qarşıda dayanan məqsədlərdən də söhbət açdı. “Sağlam yenidoğulmuşlara qulluq” və “Yenidoğulmuşların ilkin reanimasiyası” üzrə klinik protokolların tətbiqinə yardım məqsədilə görüləcək işlər sadalandı. Belə ki, fəaliyyət planına uyğun olaraq, doğuşa yardım edən peşəkarlar üçün bacarıq əsaslı təlim-tədris materialları tərtib ediləcək. Eyni zamanda mama-ginekoloqlar, neonatoloqlar, tibb bacıları üçün təlim-tədris paketləri doğuşa yardım edən peşələrin tədris proqramına daxil ediləcək, 2011-ci ilin dekabrında Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinə həmin təlim paketi təqdim ediləcək. Eləcə də proqrama təlimçilərin hazırlanmasının da daxil edildiyi iştirakçıların nəzərinə çatdırdı. Proqram çərçivəsində klinik protokolların bütün addımlarını özündə əks etdirən iki video-filmin istehsalının da planlaşdırıldığı qeyd olundu.

2011-ci ilin iyunun 3-də İSİM və “Save the Children” tərəfindən təşkil olunmuş layihənin tərəfdaşlara təqdimatının və ətraflı müzakirəsinin baş tutduğunu vurğulayan Ayla Ələsgərova görüş əsnasında tərəfdaş təşkilatların nümayəndələrindən ibarət işçi qrupun təşkil olunduğunu diqqətə çatdırdı.

Sonda “Sağlam yenidoğulmuşlara qulluq” və “Yenidoğulmuşların ilkin reanimasiyası” klinik protokolları əsasında çəkiləcək iki tədris filminin ilkin ssenarisi ətrafında fikir mübadiləsi aparıldı, təkliflər və iradlar dinlənildi.