Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi mövzusunda tibb işçiləri üçün təlimlərə start verilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

3 NOVEMBER 2021

Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi mövzusunda tibb işçiləri üçün təlimlərə start verilib

Avropa İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsinin icrasına başlanılıb.

Layihə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi (STİB) tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti  (ATU) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Layihənin əsas məqsədi – ana və uşaq sağlamlığı ilə məşğul olan ailə həkimləri, mama-ginekoloqlar, mamalar, neonatoloq və pediatrlar tərəfindən hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı, ataların da iştirakının təşviq edilməsi və onların geniş sanitar-maarifləndirmə işinə cəlb edilməsidir. Layihə ilə bağlı fəaliyyətlərin icrasının əlaqələndirilməsi məqsədilə İSİM, ATU, ADHTİ və “Ümidli Gələcək” STİB-nin nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət işçi qrupu yaradılıb.

Layihə çərçivəsində 25 səhiyyə və tibb işçisi üçün ailə planlaşdırılması, antenatal qayğı, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulmuşlara qayğı mövzularında təlim kursu keçiriləcək, iştirakçılar müvafiq materiallar ilə təmin olunacaqlar. Təlim kursu əsasında hazırlanacaq materiallar “ecourses.az” veb-platformasında yerləşdiriləcək və beləliklə davamlı əlçatan olan elektron kurs tərtib olunacaq.

Dünya ölkələri ilə yanaşı, Azərbaycanda da son illər ailənin sağlamlığı məsələlərində ataların və ailənin digər kişi üzvlərinin daha fəal iştirakı getdikcə artmaqdadır. Kişilərin göstərdiyi mənəvi və fiziki dəstəyin, habelə atalarla körpələri arasında hətta doğuşdan əvvəl erkən bağlılığın əhəmiyyəti artıq danılmaz sübutlara arxalanır. Ümumdünya Səhiyyə Təşkilatı hamiləlik, doğuş və zahılıq dövründə, eləcə də yenidoğulmuşlara qayğı zamanı kişilərin fəal cəlb olunmasını tövsiyə edir.

Qeyd edək ki, proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərin və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.