Hərbi hissələrdə maarifləndirici görüşlər keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

26 DECEMBER 2019

Hərbi hissələrdə maarifləndirici görüşlər keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi və onların asudə vaxtının  səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə maarifləndirici görüşlər keçirdi. Görüşlər Səhiyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 72 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən təşkil olunmuşdu.

Müdafiə Nazirliyinin Şəmkir hərbi birliyinin tabeliyində olan müxtəlif rayonların ərazilərində yerləşən hərbi hissələrində zabit, gizir, çavuş və əsgərlər, eləcə də tibbi xidmət əməkdaşları arasında təbliğat xarakterli iyirmi görüş keçirildi. Görüşlərin əsas məqsədi gənclər arasında narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikası, eləcə də öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsi idi. İSİM-in mütəxəssisləri Tofiq Musayev və Rüfət Rəhimov hərbi hissələrdə çıxış edərək, iştirakçılara bu mövzularla bağlı ətraflı məlumat verdilər.

Hərbi xidmətdə olan gənclərlə interaktiv şəraitdə keçən görüşlərdə sağlam həyat tərzi ilə bağlı faydalı tövsiyələr diqqətə çatdırıldı, iştirakçılara İSİM tərəfindən hazırlanmış müxtəlif maarifləndirici materiallar paylanıldı.

Hərbi hissələrdə silsilə xarakterli maarifləndirici görüşlər keçirən İSİM-in əməkdaşları Tofiq Musayev və Rüfət Rəhimov hərbi hissələrin rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif edildilər.  

Şəkillərlə burada tanış olmaq olar.