İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

22 MAY 2018

İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir

21 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə növbəti beşgünlük praktik təlim kursuna start verildi. Doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında keçirilir.

Təlimin ilk günü kurs iştirakçılarını Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov salamlayaraq bildirdi ki, yenidoğulmuşların həyata sağlam başlaması üçün həkimlər komandası tərəfindən ilk 30 dəqiqə ərzində atılan zəruri addımlar böyük əhəmiyyət daşıyır. İSİM-in təşkil etdiyi təlim kursunun vacib məsələyə həsr olunduğunu vurğulayan R.Hüseynov yenidoğulmuşlarda tez-tez rast gəlinən xəstəliklərin, xüsusilə də təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatları iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra iştirakçılar İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal Reanimasiya Proqramı (NRP)” üzrə beynəlxalq master-təlimçi kimi sertifikat almış Nahidə Mahmudovanın təqdimatı ilə son illər ərzində yenidoğulmuşların reanimasiyası zamanı istifadə olunan bilik və bacarıqlara baxış keçirdilər, komanda işinin aparılması və ölkə üzrə reanimasiya tədbirləri zamanı atılan addımların sənədləşdirilməsinə müasir yanaşmaları müzakirə etdilər.

Xatırladaq ki, teoretik və praktik hissədən ibarət təlimlərin məqsədi regionların doğuşayardım müəssisələrində çalışan tibb işçilərinin yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərmək, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımı tətbiq etmək istiqamətində bilik və bacarıqlarını artırmaqdır.

Təlim kursları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub. Kursun kredit miqdarı 25 bal təşkil edir. Təlimi müvəffəqiyyətlə bitirənlər müvafiq sertifikatlarla təmin olunacaqlar.