Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

21 MAY 2018

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbüssü ilə hər il may ayının 31-i “Ümumdünya Tütünsüz Günü” kimi qeyd olunur. İctimaiyyətin diqqətini tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəltmək, bu zərərli vərdişdən çəkinmə yollarını müzakirə etmək məqsədi ilə bütün dünyada, o cümlədən Azərbaycanda əhalinin məlumatlandırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. 

Növbəti belə tədbirlərdən biri 21 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə Azərbaycan Texniki Universitetinin nəzdində  Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təşkil olundu. Yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində keçirilən tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov açaraq, tələbələri sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, zərərli vərdişlərdən uzaq olmağa çağırdı. İSİM-in sosioloqu Fərid İsrafilzadə tütün məmulatlarının və narkotiklərin insan orqanizminə mənfi təsiri barədə geniş təqdimatla çıxış edərək, ölkəmizdə əhalinin, gənc nəslin sağlamlığının qorunması istiqamətində görülən işlərdən  danışdı. Azərbaycanda yeniyetmələrin tütündən istifadəsinin statistik göstəricilərini diqqətə çatdıran natiq bildirdi ki, bu zərərli vərdişə aludəlik ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və digər ağır xəstəliklərin əsas risk faktorunu təşkil edir. F.İsrafilzadə gəncləri tütün, alkoqol və digər zərərli vərdişlərdən uzaq olmağa və daha çox yaradıcılığa vaxt ayırmağa, aktiv həyat tərzi keçirməyə səslədi. 

Qeyd edək ki, bu tədbir “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn tapşırıqların icrasına dair Səhiyyə Nazirliyinin 2018-ci il üçün Tədbirlər Planı”na əsasən həyata keçirildi.

Tədbirin yekununda iştirakçıların sualları cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.