2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

18 MAY 2018

2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “31 may - Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması məqsədilə silsilə tədbirləri həyata  keçirir. Tədbirlər, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn tapşırıqların icrasına dair Səhiyyə Nazirliyinin 2018-ci il üçün Tədbirlər Planı”na əsasən tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Bu dəfə tütünlə mübarizə 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri arasında aparıldı. 18 may 2018-ci il tarixdə  İSİM-in həkim-metodisti Lətafət Dadaşova tələbə auditoriyası qarşısında "Tütünün təhlükələri” mövzusunda maarifləndirici mühazirə ilə çıxış etdi. Təqdimatda ilk olaraq “31 may - Ümumdünya Tütünsüz Günü”nün tarixi, günün bu ilki mövzusu olan “Tütün ürəyi məhv edir” sloqanının açıqlamasını verən natiq tütünçəkməyə başlama səbəblərindən, siqaret tüstüsünün insan orqanizminə ciddi təsirindən, aktiv və ikincili tütünçəkmə nəticəsində yaranan xəstəliklərdən bəhs etdi.  O, 31 may tarixində bütün ictimaiyyətin diqqətininin tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəldildiyini, bu zərərli vərdişdən çəkinməyin yolları müzakirə olunduğunu vurğuladı.

Statistik göstəricilərini diqqətə çatdıran natiq tütündən istifadənin dünyada əsas ölüm səbəblərindən biri olduğunu, həmçinin hazırda tütünün dünyada ən çox qarşısı alına bilən yeganə ölüm səbəbi olduğunu vurğuladı: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, tütündən istifadə edənlərin böyük əksəriyyəti onun riskləri barədə məlumatsızdırlar. Bu səbəbdən tütünün fövqəladə asılılıq yaratmaq bacarığı və səhhət üçün törətdiyi təhlükələrin tam spektri ictimaiy­yətə lazımi dərəcədə izah edilməlidir”.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.